Türk Dünyası Gənclər Birliyi İcraiyyə Komitəsinin yeni sədri Bülent Aksoy: "Türk dünyasının başlıca problem Qarabağ dərdidir"
Bu həftənin əvvəlində Bakıda keçirilən Türk Dünyası Gənclər Birliyinin növbəti - VIII Liderlər Toplantısında qurumun yeni rəhbərliyi formalaşdırılıb. Birliyin İcraiyyə Komitəsinin yeni seçilən sədri, doktor Bülent Aksoy "Ekspress"ə müsahibəsində təşkilatın fəaliyyəti və gələcək planları barədə danışıb. Qeyd edək ki, B.Aksoy Türkiyənin qocaman təşkilatlarından olan Türk Ocaqları baş katibinin müavinidir. Bu baxımdan, ona ilk sualımız bir müddət öncə Azərbaycanla Türkiyə arasında "sərhəd" məsələsi ilə bağlı yaşanan arzuolunmaz proseslə bağlı oldu:
- Bu olaylardan sonra Türk Ocaqları Genəl Mərkəzi və Gənclik Qolu olaraq biz açıq və birmənalı etirazımızı bildirdik. Ermənistanla sərhədlərin açılması mövzusunun son dərəcə xətalı bir qərar olduğunu, bunun yüzillər öncəyə dayanan "iki dövlət, tək millət" deyiminə zərbə vura biləcəyini xüsusi vurğuladıq. Və bu fikrimizi Türkiyə ictimaiyyətinə çatdırmaq üçün bir mətbuat açıqlaması yaydıq. Türk Ocaqlarının rəsmi veb-saytında, həmçinin 1911-ci ildən bu yana nəşr edilən "Türk Yurdu" dərgisində də genel başqanımızın bu açıqlamasını yayınladıq. Bundan başqa, Türk Ocaqları Gənclik Qolu olaraq Ermənistanla sərhədlərin açıqlamasına etiraz üçün bir imza kampaniyası başlatdıq. Bu imza kampaniyası saytımızda hələ də davam etməkdədir. www.turkocagi.org.tr saytımızı ziyarət etdiyinizdə bu kampaniya ilə qarşılaşa bilərsiniz. Biz Azərbaycan dövlətimizlə eyni fikirdəyik. Azərbaycanı ermənilərin işğalı qarşısında yalqız buraxmırıq və qardaşlarımızın haqlı mücadilələrində dəstəkləyəcəyimizi bir daha vurğulamaq istəyirəm.
- Hazırda Türk dövlətləri və toplumları arasında bir inteqrasiya prosesi getməkdədir. Türk Dövlətləri Parlament Assambleyası yaradıldı, ortaq televiziya olan TRT-Avaz yayınlanmağa başladı. Türk birliyi uğrunda 1912-ci ildən bu yana fəaliyyət göstərən Türk Ocaqlarının indi bu yöndə hansı layihələri var?
- Bildiyiniz kimi Sovetlər Birliyi dağıldıqdan sonra ikiqütblü dünyadan təkqütblü dünyaya keçildiyində Türk Dünyası ilə bağlı ilk çalışmalara başlayan milliyyətçi qurumlardan biri də Türk Ocaqları oldu. Bu məqsədlə, 1992-ci ildə Türk Ocaqlarının təşəbbüsü və dəstəyi ilə Dünya Türk Gənclər Birliyi quruldu. Dünya Türk Gənclər Birliyi 1992-ci ildən bu günədək Atlantik okeanından Çinə qədər, Sibirdən Əfqanıstana qədər olan və 10 milyon kilometrə qədər ərazini əhatə edən bu geniş coğrafiyada yerləşmiş Türkləri bir araya gətirmək, bunları yaxınlaşdırmaq kimi önəmli bir vəzifəni yerinə yetirməkdədir. İlk illərdə tanışlıq xarakteri daşıyan bu toplantılar, qurultaylar sonradan Türk Dünyasının problemlərinə çözüm axtarmaq yolunda da böyük bir boşluğu doldurmağa başladı. Türk Ocaqları Türkiyədə milliyyətçi qurumlar içərisində Türk Dünyasına ən duyarlı, ən diqqətcil təşkilatdır. Ötən əsrin əvvəlində Türk Ocaqları yaranarkən onun qurulmasında tək Türkiyənin deyil, Qafqaz və Orta Asiyadan da böyük ziyalılar iştirak ediblər. Bu mənada Azərbaycandan Əhməd Ağaoğlunu, Krımdan Yusuf Akçuranı xatırlamağımız lazımdır. Onlar da İstanbula gələrək Ziya Göyalpla və digər milliyyətçi aydınlarla Türk Ocaqlarının qurulmasında və "Türk Yurdu" dərgisinin nəşrə başlamasında önəmli addımlar atıblar. Qurulmasından indiyədək Türk Ocaqlarının Türk dünyasına ilgisi heç bir zaman azalmayıb. Təsadüfi deyil ki, Sovetlər Birliyi ilə Türkiyə ilə anlaşmaların olduğu 1918-20-ci illərdə Moskva Türk Ocaqlarının qapadılmasını türk dövlətindən istəmişdi. Və o dönəmdə Türk Ocaqları bir müddət fəaliyyətini dayandırıb. 1949-cu ildən günümüzə qədər Türk Ocaqları həm Türkiyədəki türk milliyyətçiliyi davasını, həm də Türk Dünyasına yönəlik layihələri ortaya qoyan ən əzimli təşkilatdır.
- Türk Ocaqlarının gələcəklə bağlı hansı layihələri var?
- Dünya Türk Gəncləri Birliyi Türk Ocaqlarının Türk Dünyasına yönəlik bir layihəsidir. Amma 2007-ci ildə Türkiyənin indiki prezidenti vəzifəsində başladıqda biz Türk Ocaqları mərkəz heyəti olaraq onunla görüşüb, təkliflərimizi layihə şəklində təqdim etdik. Bu layihənin əhəmiyyətli bir hissəsi Türk dünyası ilə bağlı idi. Bu təkliflərdən bir qismi artıq həyata keçirilib ki, bunlardan biri də "TRT-Avaz"dır. İnşallah, Türk dünyasının birliyinə yönəlik layihələr bundan sonra da davam edəcək.
- Adətən, Türk Birliyi ilə bağlı toplantılara, o cümlədən Dünya Türk Gəncləri Birliyinin toplantılarına qatılanların bəziləri bu səfərlərə sanki bir turist kimi gəlirlər. Qurultaylarda qaldırılan məsələləri də geri döndükdə unudurlar. Yeni vəzifənizə başladıqdan sonra nələri etməyi düşünürsünüz?
- Dediyiniz iradı qismən bölüşmək istəyirəm. Bu toplantılara qatılan nümayəndələrin bir qisminin müzakirə edilən məsələlər haqda bilgilərinin və maraqlarının olmadıqlarını təəssüflə müşahidə edirik.
- Hətta bəziləri qurultayda onlara verilən sənədləri, kitabları mehmanxanalarda qoyub gedirlər...
- Bəli, belə hallar da var. Mən 2004-cü ildən bəri Dünya Türk Gəncləri Birliyinin qurultaylarına qatılıram. Və hər zaman belə hallarla rastlaşarkən, bu haqda Türk Ocaqlarının rəhbərliyinə məlumat verirəm. Yeni seçildiyim vəzifəni layiqli bir şəkildə daşımaq üçün artıq fikrimdə müəyyən düşüncələrim var. Bunlardan biri qurultaylararası dövrdə fəaliyyətin aktiv tutulmasıdır. Bu gün Türk dünyasının önündə duran başlıca problem Azərbaycan torpaqlarının işğalının nə zaman sona çatmasıdır. Həmçinin, bu gün Türk dünyasının Kərkük, Doğu Türküstan, Güney Azərbaycan, Əfqanıstan kimi qanayan yaraları var. Bundan əlavə Rusiyadakı türksoylu xalqların assimiliyasiya və saylarının azalması kimi problemləri var. Putin iqtidara gəldikdən sonra Rusiyada imperiyapərəst siyasət tətbiq olunmağa başlayıb. Həm bu qurultaylar, həm də davamlı təmaslar vasitəsilə Sibirdə və Ural boyunda olan qardaşlarımızın öz varlıqlarını qoruyub saxlamalarını dəstəkləməyimiz gərəkdir. Türk dünyası coğrafiyası böyük olduğu üçün onun bütün problemlərini də asanlıqla və qısa zaman kəsiyində həll etmək mümkün deyil. Amma biz onlara imkanımız çatan dəstəyi verməliyik.
- Türk gəncliyi arasında mədəniyyət sahəsində əlaqələr sizi qane edirmi?
- Dünya Gənc Türk Yazarlar Birliyi təşkilatımızın təməl qurumlarından biridir. Yaxın vaxtlarda da yaranmasının 10 illiyi tamam olacaq. Bu vaxtadək Dünya Gənc Türk Yazarlar Birliyi ciddi çalışıb. Biz gənc türk yazarlarına verilən dəstəyi yeni rəhbərlik dönəmində artıracağıq. Onların bizə təqdim edəcəyi layihələrə diqqətli olacağımızı bəyan edirəm. Bu dəstək gənc yazarların görüşlərinin təşkil edilməsi, onların əsərlərinin tanıdılması şəklində ola bilər. Yetər ki, Dünya Gənc Türk Yazarlar Birliyindən bizə təkliflər gəlsin. Türk Ocaqlarında da bu işlərə dəstək verməyə hazır olduğumu bildirirəm.
Aqil CAMAL
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder