azadlig radiosu

GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

1 Haziran 2009 Pazartesi

İRƏVANDA DİPLOMATİK İFLASDAN DANIŞILIR

Rəsmi Bakı isə danışıqlar prosesinin süni şəkildə İrəvan tərəfindən uzadılmasının perspektivsiz olduğunu bildirir

İ.UMUDLU

İrəvanda futbol diplomatiyasında siyasi iflas açıq etiraf olunmaqda, yaranmış situasiya İrəvanın siyasi atmosferində aparıcı mövzu olaraq qalmaqdadır. Ermənistan mediasında son həftənin xəbərləri, açıqlamaları və icmallarının təhlili belə bir fikrə gəlməyə imkan verir ki, Qarabağ fitnə-fəsadının girovuna çevrilmiş bu balaca ölkə bir vurnuxma içərisində xarici aləmlə iqtisadi əlaqə yolları arayır. Fəqət bütün variantlar gəlib bu əsassız iddialardan əl çəkmək zərurəti üzərinə çıxır. Ölkənin siyasi qruplaşmaları və İrəvanın rəsmi siyasətinə böyük təsir imkanları olan erməni diasporu isə bu əsassız iddialarından əl çəkməyə və qonşulara münasibətdə konstruktiv mövqe tutmağa hazır görükmür. Ziddiyyət bundadır.
Özünü o yerə qoymayan İrəvan topun Ankarada olduğunu deyir və ondan konkret addım (yəni sərhədin açılmasını) gözləyir. Ankara tələsmir və bunun şərtə bağlı olduğunun fərqindədir. Qərb paytaxtları da artıq sərhədin açılması və Qarabağda tənzimi ayrılıqda tutmağın mümkünsüzlüyünü dərk edib. Metyu Brayzanın son açıqlamasında bu aydın hiss olundu. Vaşinqton və Parisin məsələyə bundan sonrakı yanaşması bu baxımdan maraq doğurur.
İrəvanda səsləndirilən və yerli ovqatı əks etdirən fikirlərə gəldikdə, məsələn, siyasi analitik Ruben Akopyanın fikrincə, "Türkiyə-Azərbaycan tandemi ilə qarşıdurmada Ermənistan təklənmişdir", "Ermənistanın xarici siyasət kursu Türkiyə-Azərbaycan tandemindən fərqli olaraq planlaşdırılmayıb, situativ səciyyə daşıyır", odur ki, "bu mərhələdə danışıqlar prosesi yaxşı heç nə vəd etmir". O belə hesab edir ki, Türkiyə ilə münasibətlərin normallaşdırılması Ermənistanın İran və Rusiya ilə münasibətlərini korlaya bilərdi.
Keçmiş xarici işlər naziri Vardan Oskanyanın düşüncəsinə görə, Türkiyə Ermənistanın keçən ilin iyununda nümayiş etdirdiyi xoşməramdan ən yaxşı şəkildə istifadə edərək xeyli dividendlər qazandı: soyqırımın beynəlxalq miqyasda tanınması məsələsində erməni mövqelərini xeyli zəiflətdi, Qarabağ məsələsində onu erməni-türk sərhədlərinin açılması məsələsi ilə bağlamaqla həlledici rola malik oldu. Oskanyan deyir ki, Ermənistanın imkan verməsi ilə bu erməni-türk məsələsi onlar üçün əlverişsiz istiqamətə sarı dərinləşib və artıq Qarabağ prosesinə bilavasitə təsir göstərməyə başlamışdır.
Müxalif ovqatlı erməni politoloqları Serj Sarqsyan komandasını söyürlər ki, bütün mövqeləri əldən veriblər və güclü qonşunun qarşısında çılpaq və əliyalın dayanıblar. Serj Sarqsyanın Türkiyə ilə münasibətləri normallaşdırma siyasəti "sürüşkən və alçaldıcı" deyə damğalanır. Deyilir ki, Ermənistan Türkiyə və Azərbaycanın ərazi bütövlüyünü tanımağa razılıq verməklə Qars müqaviləsini tanımağın və Azərbaycanla rüsvayçı müqaviləni imzalamağın bir addımlığına gəlib.
"Daşnaksütyun" partiyası belə bir məzmunda bəyanat qəbul edərək Ermənistan prezidentini indiki xarici siyasətə yenidən baxmağa və Türkiyə ilə danışıqlar prosesini dayandırmağa çağırır. Bu stajlı terror partiyası rəhbərliyini təmsil edən Armen Rustamyan İrəvanda keçirilən bir mitinqdə deyib ki, bu danışıqlar prosesi istisnasız olaraq Türkiyənin maraqlarına xidmət edib və xidmət edir. Onun baş-ayaq məntiqinə görə, razılaşmanı kobud şəkildə pozmaqla Türkiyə mahiyyət etibarilə ilkin şərtlərdən imtina etmir, özəlliklə Dağlıq Qarabağ münaqişəsinin tənzimi prosesində öz şərtlərini diktə etməyə çalışır. Türkiyənin təklif etdiyi ilkin şərtlər nəinki qeyri-məqbuldur, həm də qanunaziddir (!?), onlar iki erməni respublikasının gələcəyini təhlükə altında qoyur"(!?) (Arminform).
Acı reallığı görməzliyə vuran daşnakların populist düşüncəsinə görə, Ermənistan hakimiyyəti sübut etməyə borcludur ki, hətta Türkiyə tərəfindən blokada şəraitində iqtisadi və siyasi hədəflərini həyata keçirər və Ermənistan bölgənin inkişaf etmiş ölkəsinə çevrilə bilər.

ÖNCƏKİ RİTORİKAYA QAYIDIŞ

Futbol diplomatiyasının gedişində Türkiyəyə münasibətdə müşahidə edilən yumşaq ritorika öz yerini öncəki davakar ritorikaya verib. Qayıdış özünü açıq göstərir. Öz hərbi qüdrətlərindən dəm vurmağa, bu məzmunda mülahizələri mətbuata daha çox porsiya ilə ötürməyə, Türkiyənin ünvanına kəskin tonda açıqlamalar səsləndirməyə başlayıblar.
Bizi də yaddan çıxarmırlar. Onlar bu fikirlə özlərinə təskinlik verirlər ki, Azərbaycanın pulu çox olsa da, ən yeni silahlar almaq imkanı olsa da, onun ordusu erməni müdafiə sistemini yarmaq iqtidarında deyil. (Bizim ön cəbhədə xidmət edən zabitlər isə deyirlər ki, mövcud cəbhə xəttini yarım saatın içərisində bir neçə yerdən yarmaq onlar üçün heç bir çətinlik törətmir).
Tarixçilər yenidən ön xəttə çıxarılıb. Onların "ağır artilleriyası" - Ermənistan EA Tarix İnstitutunun direktoru Aşot Melkonyanın söylədikləri bu baxımdan səciyyəvidir və onların elminin nə kökdə olduğunu əyani göstərir. Şikəst təxəyyül sahibi olduğu o dəqiqə hiss olunan bu adam iddia edir ki, demə Sovet Rusiyası və Türkiyə arasında imzalanmış Qars müqaviləsinin (1921) hüquqi qüvvəsi yoxmuş (?), çünki o vaxt bu ölkələrdən heç biri beynəlxalq hüququn subyektləri deyilmiş (?). Ona görə də həmin sənəd və indiki erməni-türk sərhədi qanunsuzdur (?) və həmin sənədə həyat qüvvəsi vermək olmaz...
Melkonyanın yadına düşüb ki, rəhmətlik Vudro Vilson 1920-ci ildə Ermənistan və Türkiyənin sərhədini cızıbmış, o xəritəni hələ heç kəs ləğv etməyib, demək öz qüvvəsini itirməyib (!)... Bu qəribə tarixçi "soyqırım"ın Türkiyə tərəfindən tanınmasını istisnasız olaraq mənəvi problem sayan bəzi erməni xadimlərə hiddətlənir və deyir ki, "soyqırım"ın tanınmasının ardınca Türkiyə tərəfindən maddi zərərin ödənilməsi və onların tarixi torpaqlarının qaytarılması gəlməlidir. Nə söyləmək olar, bu cənabın iştahası yaman çox imiş...

İQTİSADİ BÖHRAN GÜCLƏNİR

İqtisadiyyatın Ermənistan siyasətinə nə dərəcədə təsir göstərdiyi barədə qəti fikir söyləmək bir az çətindir. Çünki onlar öz siyasi problemlərini Rusiyanın boynuna yükləməyi, hətta öz sərhədlərinin qorunmasını onlara həvalə etməyi bacarıblar. Bu baxımdan xeyli sərbəstdirlər və dünya erməniləri üçün siyasət "istehsal etməyə" vaxtları çox qalır.
İqtisadiyyat indiki komandanın heç xoşlamadığı mövzudur. İqtisadi böhranın durmadan güclənməkdə olduğu barədə açıq bir reallıq kimi danışılır. İrəvan iqtisadçılarından ölkə əhalisi üçün ümidverici sözlər eşidilmir. Məsələn, keçmiş baş nazir Qrant Baqratyanın proqnozuna görə, bu ilin sonuna yaxın iqtisadi geriləmə 7-12 faiz civarında olacaq və bu tendensiya tezliklə dərin büdcənin və bankların iflasına çevriləcək.
Keçmiş baş nazir bunun təqsirini ölkə iqtisadiyyatının son 10 ildəki yanlış inkişaf kursunda görür. Onun sözlərincə, daha dəqiq proqnozu avqustda Rusiya iqtisadiyyatında situasiyanın dəyişdiyi haqda məlumatlara əsaslanmaqla vermək mümkün olacaq, çünki Rusiyadakı situasiya çox baxımdan Ermənistandakı situasiyanı şərtləndirir. Ümid edilir ki, neftin qiymətlərindən asılı olaraq Rusiyada iqtisadi durum sabitləşə bilər və bu halda Ermənistana transfert axını bərpa olunar. Hazırda Ermənistana transfert axını keçən ildən bəri 30 faiz zəifləmişdir.
Ermənistanın baş naziri Tiqran Sarkisyanın sözlərincə, Rusiyadakı iqtisadi durum yaxın 2-3 il ərzində Ermənistandakı vəziyyətə ciddi təsir göstərəcəkdir.
Ermənistan Soçidə olimpiya infrastrukturunun inşasında öz tikinti materialları ilə iştirak etmək istəyir. Lakin bu yüklərin oraya çatdırılması Gürcüstandan keçir və hazırda Poti - Qafqaz dəmir yol gəmi-bərəsi və Poti-Novorossiysk avtomobil gəmi-bərəsi faktik olaraq işləmir.
Bundan başqa, Ermənistan istəyir ki, Rusiya borc müqabilində ona verilmiş Ermənistan müəssisələri ərazisində azad iqtisadi zonalar yaratsın, lakin bu işdə irəliləyiş əldə edilməsi də mümkünsüzdür. Çünki hər şey sonda gəlib nəqliyyat yollarına çıxır və bu yollar da Gürcüstanın, Azərbaycanın və Türkiyənin aydın və qətiyyətli mövqeyi ilə üzləşir.

QLOBAL ÜMUMERMƏNİ BANKI İDEYASI BAŞ TUTMUR

Belə bir ideya üzərində iş gedirdi, fəqət qlobal maliyyə böhranının bu işi təxirə saldığı aydın olmuşdur. Xaricdə yaşayan ermənilər üçün nəzərdə tutulan belə bir bankın yaranmasına böyük ümidlər bəslənir, hesablamalara görə, əgər xaricdə yaşayan ermənilərin 1 faizi bu bankda öz kartoçka hesabını açsa, Ermənistanın yetərincə pulu olacaq və beynəlxalq maliyyə donorlarına ehtiyac qalmayacaq.
Bu ideyanın müəllifləri xaricdə yaşayan erməniləri öz pullarını yerli banklardan çıxarıb bu banka qoymağa təşviq edəcəklər. Fəqət xarici ölkələrdəki erməniəsilli işbazların iri şirkətlərinin çətin durumda olduğu və bu məqsəd üçün tələb olunan 80 milyon dolları cəm etməyə çətinlik çəkdikləri bildirilir.

RUSİYANIN YARDIM ƏLİ

RF maliyyə naziri Aleksey Kudrinə istinadən, Rusiyanın bu həftənin sonunadək Ermənistanın hesabına 500 milyon dollarlıq sabitləşdirmə krediti köçürəcəyi bildirilmişdi. Libor+3 faiz tarifi ilə ayrılmış bu kredit 15 illiyə verilir, onun 4 ili güzəştli müddət təşkil edir. Rusiya bununla dünyanı sarmış maliyyə-iqtisadi böhranın Ermənistan iqtisadiyyatına təsirini yumşalda biləcəyini güman edir.
Rusiyanın Ermənistana bu növbəti səxavətinin futbol diplomatiyasının iflasa uğramasından sonra olması diqqətdən yayınmadı.
Bu gün Rusiyanın Ermənistan iqtisadiyyatına birbaşa investisiyasının cəmi 1,8 milyard dollar təşkil edir. Başqa bir rəqəmə görə, Ermənistan iqtisadiyyatına qoyulmuş xarici investisiyaların 75 faizə yaxını Rusiyanın payına düşür. Ermənistanda Rusiya kapitalının iştirakı ilə 1000 şirkət bu və digər dərəcədə fəaliyyət göstərir və ya sadəcə qeydiyyatdan keçib, lakin fəaliyyət göstərə bilmir.

GÜRCÜSTAN YOLU AÇMIR

Ermənistanı Rusiya ilə bağlayan yeganə qısa quru yol hərbi Gürcüstan yolundan keçir və bu yol Rusiya və Gürcüstan arasında məlum hadisələrdən sonra qapalıdır. Bu iki ölkə arasında diplomatik əlaqələr məlum hadisələrdən sonra pozulmuş olduğundan onun açılması mümkün deyildir. Onun açılması üçün diplomatik əlaqələr bərpa olunmalıdır, əlaqələrin bərpası üçün Rusiya Gürcüstandan zorla qopardığı əraziləri (Abxaziya və Cənubi Osetiyanı) qaytarmalıdır.
Beləliklə, Ermənistan Verxniy Lars buraxılış məntəqəsi vasitəsilə Rusiyaya bağlana bilmir və bunun nə zaman mümkünləşəcəyi bəlli deyil.

BELƏLİKLƏ

Ermənistan növbəti dəfə danışıqlar prosesini uzatmağı bacardı. Aparılan danışıqların gedişi konfidensial səciyyə daşısa da, Azərbaycan prezidenti İlham Əliyev Respublika günü ilə bağlı öz təbrik nitqində bəzi açıqlamalara yer vermişdir. Bu danışıqların daha intensiv xarakter aldığını qeyd edən prezident bildirdi ki, bu gün Ermənistan və Azərbaycan arasında danışıqlar masasında bütün işğal edilmiş Azərbaycan torpaqlarının qaytarılması məsələsi və bütün köçkünlərin öz doğma ev-eşiklərinə qayıdışı məsələsi var.
İlham Əliyev bildirdi ki, nə bu gün, nə on il sonra, nə yüz il sonra Dağlıq Qarabağ müstəqil olmayacaq. Azərbaycanın mövqeyi birmənalıdır və bütün təzyiqlərə baxmayaraq sonadək öz mövqeyini müdafiə edəcəkdir. Təzyiqlər dedikdə, bizimçün sirr deyil ki, bunlar Qərb paytaxtlarında ermənilərə vəkillik edən siyasi çevrələrdir. Fəqət Azərbaycan və Türkiyə daim bir yerdə olsa, bu təzyiqlər bir nəticə verməyəcək, çünki hüquq bizim tərəfimizdədir.
İlham Əliyev Ermənistanın "danışıqlar prosesini süni şəkildə uzatdığı"nı deyib, yəni rəsmi Bakı İrəvanın bu taktikasının fərqindədir. "Artıq heç kəs üçün sirr deyil ki, bu taktikadan Ermənistan tərəfi istifadə edir, lakin bunun bir perspektivi yoxdur".

Hiç yorum yok:

Yorum Gönder