azadlig radiosu

GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

1 Haziran 2009 Pazartesi

SEÇKİYƏ QVARDİYAÇILAR GEDİR

Xatəmiyə etirazlar artır
S.SƏDRƏDDİN

İyunun 12-də İranda prezident seçkisidir. Bu siyasi kampaniyanın gedişində gərginlik elementləri özünü hiss etdirir. Tehranın atom-nüvə proqramından imtina etmədiyi, keçmiş prezident Xatəminin türkləri aşağılamaq cəhdi, maliyyə böhranı kimi amillər bu duruma təsir göstərməkdədir.

PREZİDENTLİYƏ İDDİAÇILAR

Öncə qeyd edək ki, namizədlər 1979-cu il inqilabından sonra siyasətə gələnlərdir. Bununla yanaşı, onlardan ikisinin birbaşa İran İslam İnqilab Qvardiyasına aidiyyəti var. O biri iki namizəd isə qvardiya ilə dolayı yolla bağlıdır. Öz növbəsində, qvardiya isə İslam Respublikasında bütün sahələrə nəzarət edir. Başqa sözlə, prezident seçkisi onların diktəsi ilə gerçəkləşdirilir. Nəzərə almaq lazımdır ki, qvardiyanın əsas bazası sayılan yarımhərbi könüllülərin, bəsiclərin sayı 10 milyona yaxındır. Bu isə seçicilərin 20-30 faizi deməkdir.
Ötən həftə Nəzarət Şurası namizəd kimi 4 nəfərin adını açıqladı. Mahmud Əhmədinijat 1957-ci ildə Simnan əyalətinin Gərmsər rayonunda doğulub. Tehran Universitetində sənaye və nəqliyyat sahəsi üzrə mühəndislik ixtisası alıb. İran-İraq savaşında iştirak edib. Güney Azərbaycanın Maku və Xoy şəhərlərində icra başçısının müavini, Ərdəbildə isə əyalətin icra başçısı vəzifələrində çalışıb. Bundan başqa, qvardiyanın təlimatçılarından olub.
Mehdi Kərrubi 1937-ci ildə Loristan əyalətinin Əligüdarz rayonunda doğulub. İki dönəm parlamentə sədrlik edib. Tehran Universitetində ilahiyyat təhsili alıb. 1981-ci ildə Nəzarət Şurasının üzvü olub. 1985-ci ildə ayətulla Xomeyninin fərmanı ilə ziyarət işlərinə rəhbərlik edib. 2005-ci ildə Mübariz Ruhanilər Partiyasından çıxaraq Milli Etimad Partiyasını yaradıb.
Mirhüseyn Musəvi 1941-ci ildə Güney Azərbaycanın Xamənə şəhərində anadan olub. Arxitektura və şəhərsalma üzrə ali təhsillidir. İslam Respublikası Partiyası siyasi bürosunun başçısıdır. 1981-89-cu illərdə baş nazir olub.
Möhsün Rzai 1954-cü ildə anadan olub. Hazırda keçmiş prezident Ələkbər Rəfsəncaninin başçılıq etdiyi Məsləhət Şurasının katibidir. 1981-ci ildə 27 yaşında qvardiyanın komandanı olub. Həmin il İran-İraq savaşında həlak olmuş 49 yaşlı Mustafa Çəmranı əvəzləyib. 1997-ci ildə Rzai komandan vəzifəsindən azad edilib.

ATOM PROQRAMININ YARATDIĞI PROBLEM

İranın atom-nüvə proqramı ilə bağlı məsələ 2005-ci ilin mayından sonra çətinləşib. Xatırladaq ki, o vaxt ölkəyə Xatəmi prezidentlik edirdi və danışıqları prezident seçkisindən sonraya saxlamışdılar. Hesab edilirdi ki, yeni prezident Rəfsəncani ola bilər. Ancaq onun Əhmədinijata ikinci turda məğlub olması hakimiyyətin daha radikal xəttinin güclənməsinə təsir göstərdi. Ötən 4 il ərzində bu sahədə heç bir irəliləyiş əldə olunmadı.
Eləcə də, İran hakimiyyəti beynəlxalq terrorçuluğu dəstəkləməkdən imtina etməyib. İnsan haqları isə tapdanmaqdadır.
Ötən gün Şimali Koreyanın atom silahını sınaqdan çıxarması diqqəti yenidən İran yönəldib. Tehranın atom bombasına yiyələnməsi istəyindən ən çox İsrail narahatdır. Bu günlərdə Təl-Əviv Universiteti İranın nüvə obyektlərinin vurulması ilə bağlı rəy sorğusu keçirib. Rəyi soruşulanların 51 faizi bu suala müsbət cavab verib. Sağyönlü hakim ideologiya tərəfdarlarının 63 faizi İrana qarşı hərbi güc tətbiq edilməsinin tərəfdarı, soltəmayüllü ideologiyanın təəssübkeşlərinin isə 38 faizi bu sualı müsbət cavablandırıb. Rəyi soruşulanların 49 faizi İslam Respublikasına qarşı diplomatik təzyiqlərin artırılmasına səs verərək İsrailin dözüm göstərməsini istəyib. Bundan başqa, respondentlərin 74 faizi ABŞ prezidenti Barak Obamanın İran hakimiyyəti ilə danışıqlarının uğurlu sonluğuna inanmadığını bildirib. Sorğuda 509 nəfər iştirak edib.
Həftənin əvvəlində isə Mahmud Əhmədinijat televiziya çıxışında bildirib ki, İranın atom-nüvə məsələsinə dair danışıqlar prezident seçkisindən sonra davam etdiriləcək. Amerikanın "NBS" televiziyasında çıxışı zamanı Pentaqonun başçısı deyib ki, prezident Obamanın tapşırığı üzrə bu hərbi qurum İrana qarşı hərbi əməliyyatların keçirilməsi ilə bağlı ehtimali planı yenidən hazırlayıb. Onun sözlərinə görə, bu vaxtaşırı olaraq yeniləşən plandır və burada qeyri-adi nəsə yoxdur. "Çünki vaxt ötdükcə şərait dəyişir", - deyə müdafiə naziri söyləyib.

İDDİAÇILARIN DAVRANIŞINDAN

Yuxarıda vurğuladığımız kimi, İranda seçki qvardiyanın nəzarəti altında keçir. Onlar say etibarilə seçicilərin az qala yarısını təşkil edir. Ali rəhbər ayətulla Xamneyinin ötən gün imzaladığı əfv fərmanı da bundan xəbər verir. Ötən gün o, Xürrəmşəhrin İraq ordusundan azad edilməsinin 27-ci ildönümü şərəfinə İran Silahlı Qüvvələrinin 80 hərbçisini əfv edib. Onu da nəzərə almaq lazımdır ki, Xamneyi Əhmədinijatı dəstəklədiyini hələ ötən il bildirib. Hərbçiləri əfv etməsini rəhbərliyin ölkədaxili etirazın qarşısını almağa hesabladığını ehtimal etmək olar. Bunu seçkiqabağı təbliğat kimi də dəyərləndirmək mümkündür.
Xamneyinin müdafiə etdiyi Əhmədinijat Tehranda təşkil edilmiş çoxsaylı mitinqdəki çıxışında İsrailin və Qərb dövlətlərinin ünvanına kəskin tənqidi fikirlər səsləndirib: "İran milləti başqalarının onlara ağalıq etməsinə dözməz. İranlılar ölümü şərəfsizlikdən üstün tutur. Biz sanksiyaları tarixin qəbiristanlığında çoxdan basdırmışıq. Düşmənlərimiz it kimidir. Siz onların üstünə yerisəniz, onlar qaçacaq, əks halda, onlar sizin üstünüzə cumacaq... Dünyada uranı zənginləşdirməyi bacaran 8-9 dövlət var. Onlardan biri də bizik". Mitinqdə "Əhmədinijat bizim gələcək prezidentimiz, Əhmədinijat liderimizin (ayətulla Xamneyi nəzərdə tutulur-S.S.) ümidi" şüarı da səsləndirilib.
Əhmədinijatın əsas rəqibi Xatəminin dəstəklədiyi Mirhüseyn Musəvi sayılır. "Frans pres" agentliyinin məlumatına görə, hakimiyyət "Facebook" saytının İranda istifadəsinin qarşısını alıb. Xəbərə görə, Əhmədinijatdan başqa, namizədlərin tərəfdarları bu saytın imkanlarından da yararlanırlar. Musəvinin 5200 tərəfdarı "Facebook" vasitəsilə fəal surətdə onun təbliğatını aparırmış. Ötən gün Tehranda keçirilən mitinqdə isə Xatəmi seçiciləri Mirhüseyn Musəviyə səs verməyə çağırıb.
Mehdi Kərrubinin isə kürd terrorçuları ilə işbirliyində olmasına dair xəbərlər yayılıb. "Baybak"ın məlumatına görə, Qərbi Azərbaycanda parlamentin keçmiş sədrinin təbliği ilə məşğul olan qərargahın üç azərbaycanlı başçısı - Əlihüseyn Kazımi, Babək Şahid, Həkimə xanım Ətalu istefa verib. Onlar məsələ ilə bağlı yaydıqları bildirişdə Kərrubinin seçiləcəyi təqdirdə kürdlərə Azərbaycan torpaqlarından pay verəcəyinə boyun olub. Gənclərin bildirdiyinə görə, keçmiş sədr İraq Kürd Demokrat Partiyasının rəhbəri Məsud Bərzani ilə məsələyə dair anlaşıb. Mehdi Kərrubini belə "çirkin davranışı"na görə qınayan Babək Şahid öz bəyanatında "torpaqdan pay olmaz" yazıb.
Ötən həftənin sonunda Şiraz şəhərində seçicilərlə görüşündə Mehdi Kərrubi farsları dünyanın "mədəni, insansevər və mütərəqqi toplumu", sasanilərin hökmdarı Kiri isə "dünyada insan haqlarını tanıyan ilk hökmdar" adlandırıb. Onun sözlərinə görə, Quranda onun adı Zülqərneyn kimi xatırlanır. Ancaq bu fars şahın tarixdə insan öldürməkdən zövq alan hökmdar təki qaldığı kimsəyə sirr deyil.
İranın İLNA xəbər agentliyinin yaydığı xəbərə görə, Möhsün Razi bildirib ki, prezident olacağı halda evdar qadınlara maaş verəcək: "Mən yalnız qadınları hökumətin aparıcı vəzifələrinə təyin etməyəcək, həm də onların potensialından idarəetmədə istifadə edəcəyəm".

XATƏMİYƏ ETİRAZLAR ARTIR

"Ayna"nın ötən sayında xəbər vermişdik ki, İranın keçmiş prezidenti Məhəmməd Xatəmi "islahatçı" adlanan xəttin üzvləri ilə birlikdə türklərə, özəlliklə ərdəbillilərə həqarət ediblər. Onlar Allahın elçisi həzrəti Məhəmmədin türklər haqda söylədiyi xoş sözlərə və "Türk islamın qılıncı, İslam türkün tacıdır" deyimini lağa qoyublar.
Bu yığıncağın görüntüləri də saytlarda yayılıb. Etirazçılar Məhəmməd Xatəmiyə qarşı cinayət işi qaldırılmasını tələb ediblər. Xatırladaq ki, 2006-cı ilin mayında İran hakimiyyətinin "İran" adlı qəzeti Azərbaycan türklərini təhqir edən material dərc etmişdi. İslam Respublikasının bu düşüncəsinə qarşı azərbaycanlılar etiraz aksiyası keçirmişdilər. Rəsmi Tehran suçlunu cəzalandırmaqdansa, etirazçılara qarşı odlu silahdan atəş açdırmışdı. Nəticədə 20-dən çox aksiya iştirakçısı qətlə yetirilmiş, yüzlərlə etirazçı yaralanmış, minlərlə insan həbs olunmuşdu.
Güney Azərbaycanın bir sıra yerlərində, o cümlədən Urmiya, Zəncan, Mərənd, Ərdəbil, Xoy şəhərlərində etiraz aksiyaları keçirilib. Etirazçılar Azərbaycan türkcəsində təhsil tələbi ilə yanaşı, Xatəminin türklərdən üzr istəməsini tələb ediblər. Ərdəbildən olan deputat seyid Kazım Musəvi türklərin təhqir edilməsinin yolverilməz olduğunu bildirərək keçmiş prezidentin türklərdən üzr istəməsini tələb edib. Xatəmi Musəvini dəstəklədiyindən onun təbliğat kampaniyaları da azərbaycanlı seçicilər tərəfindən boykot edilir.
Hakimiyyətə yaxın dairələr isə baş verənləri təkzib edərək olayları "seçkiöncəsi qarayaxma" kampaniyası adlandırıb.

Hiç yorum yok:

Yorum Gönder