"Etelaat" kiçik yaşlı oğlunun cənazəsini Parsabadda dəfn etdirmək istəyən Babək Muğanlını "neytral zonada" öldürməyə çalışıb
"Azərbaycan sərhədçiləri buna imkan vermədilər, məni oradan uzaqlaşdırdılar, İranın xüsusi xidmət əməkdaşlarının cəhdi isə heç bir nəticə vermədi"
İran səfirliyi nəşin göndərilməsində "problem yoxdur" desə də, sərhəddə Şirvin Mirzayinin cənazəsini qohumlarının götürməsinə imkan verməyiblər
Cənubi Azərbaycanda doğulub-böyüyən, yazıb-yaradan, şair Şahdust Mirzayinin (təxəllüsü Babək Muğanlı) cəmi bir neçə gün öncə başına gətirilənlər faicəvi bir filmin ssenarisini xatırladır. İranın xüsusi xidmət orqanlarının şairin başına gətirdiklərini insan heç düşməninə də arzulamaz. Ancaq insanlıqdan çıxanlar Şahdust Mirzayiyə elə əzab veriblər ki, bunu sözlə ifadə etmək yetərincə çətindir.
Şahdust Mirzayi Güneydəki Milli Azadlıq Hərəkatının fəallarındandır, bir neçə nəfər həbs edilib. Onu birinci dəfə 1980-ci ildə həbs ediblər, bir müddət həbsdə yatdıqdan sonra azadlığa çıxa bilib. Sonralar da bir neçə dəfə məhkum həyatı yaşayıb, 2006-cı il may hadisələri zamanı da dəmir barmaqlıqlar arxasına atılıb. Həbsdən çıxdıqdan sonra vətənin bu tayına keçib, sonradan bir neçə dəfə geri qayıtmağa cəhd göstərsə də, ona viza verilməyib. Vəziyyətin çıxılmazlığını görən şair Vətən həsrətilə yanaşı övlad həsrəti də çəkmək istəmədiyindən kiçik yaşlı oğlunu Bakıya, öz yanına gətirib.
Oktyabrın 7-də isə oğlu-Şirvin Mirzayi evdə qaz dəmindən boğularaq dünyasını dəyişib. Ata oğlunu doğulduğu yerdə Parsabadda dəfn etmək istəyib. Bu məqsədlə İranın ölkəmizdəki səfirliyinə müraciət ünvanlayıb, həm nəşin qonşu ölkəyə keçirilməsi üçün şərait yaradılmasını xahiş edib, həm də özünün doğma yerlərə qayıtmasını bildirib. Səfirlikdən isə deyiblər ki, özünün İrana qayıtması mümkün olmasa da, nəşin keçirilməsi üçün heç bir problem yoxdur.
Şahdust Mirzayini dinləyək: "Səfirliyə müraciət etdim ki, nəşin İrana aparılıb Parsabadda dəfn olunması üçün şərait yaratsınlar. Özümün də İrana viza almağımın mümkün olub-olmadığını soruşdum. Dedilər ki, sənin getməyin mümkün olmayacaq, ancaq nəşin keçirilməsi üçün problem yoxdur. Həmin gün sənədlər düzəlmədi, ancaq sabahısı gün bütün sənədləri əldə edib yollandıq İran sərhəddinə. Onu da deyim ki, mənə səfirlikdən üç sənəd vermişdilər. Biri ölüm haqqında arayış idi, digər ikisi isə İranın gömrükçülərinə və sərhəd keşikçilərinə təqdim olunacaqdı ki, nəşin maneəsiz keçməsi üçün şərait yaratsınlar. Nəsə, gəldik İran sərhəddinə, orada bizi 4 saat gözlətdilər. Bundan sonra neytral zonaya keçə bildik. Bizim Cənubi Azərbaycandakı qohumlardan biri icazə ilə gəlib nəşi götürməli, sərhəddən keçirməli idi. Qohumum gəlsə də, bildirdi ki, nəşin İrana keçirilməsi mümkün deyil...".
Şahdust Mirzayinin dediyinə görə, İranın xüsusi xidmət orqanları bütün qanunları, insani keyfiyyətləri ayaqlar altına ataraq nəşin keçirilməsinə mane olublar:
"Sərhəddə olan İran xüsusi xidmət orqanı əməkdaşları qohumuma deyiblər ki, nəşi sən gətirsən, nəşin İrana keçirilməsinə icazə verməyəcəyik. Mütləq atası gəlməlidir. Qohumuma əlindəki möhürlü kağızın da boş şey olduğunu bildiriblər. Qohumum onu da dedi ki, sərhəddə otaqlardan birində xüsusi dəstə yığışıb, nəyisə qızğın şəkildə müzakirə edirlər. Mən dərhal başa düşdüm ki, işin belə qurulmasında məqsəd məni həbs etməkdir. Ona görə də, o tərəfə keçmədim. Amma nəş o tərəfə keçirilməli idi axı. Çıxılmaz vəziyyətdə qalmışdım, bilmirdim, nə edim, hansı variantla məsələnin həllinə nail olum. Bu zaman xəbər aldım ki, İranın xüsusi xidmət orqanı əməkdaşları bizim sərhədçilərdən mənim deportasiya olunmağımı tələb ediblər. Məlumat nə dərəcədə həqiqətə uyğundur, tam dəqiqliyi ilə deyə bilmərəm, ancaq mənə belə bir informasiya çatdı". Şairin deməsinə görə, bir müddət keçdikdən sonra İranın xüsusi xidmət orqanı əməkdaşları sözlə deyilənlərin bir işə yaramadığını görüb əməli işə keçiblər: "Məni neytral zonada həbs etmək istədilər. Bəlkə də niyyətləri heç həbs etmək də deyildi, ola bilsin, məni birdəfəlik aradan götürmək niyyətləri vardı. Amma Azərbaycan sərhədçiləri buna imkan vermədilər. Məni oradan uzaqlaşdırdılar, İranın xüsusi xidmət orqanı əməkdaşlarının cəhdi isə heç bir nəticə vermədi".
Amma xüsusi xidmət orqanlarının qanunsuz və insanlığa yaraşmayan hərəkətləri bununla da bitməyib.
Yenə də zərərçəkənin dediklərinə qulaq verək:
"Təsəvvür edin ki, əllərinin heç hara çatmadığını görüb yoldaşımı həbsə alıblar. Övladı rəhmətə getmiş ananın vəziyyəti necə olar, məncə bu haqda danışmaq artıqdır. Onlar buna fikir verməyib, yoldaşımı sorğu-suala tutublar. Ona deyiblər ki, Şahdustla əlaqə yarat gəlsin. Hər halda yoldaşımı həbsdə saxlamayıblar, buraxıblar. Hətta qardaşlarımı da saxlamışdılar. Telefonlarını da söndürmüşdülər, ona görə də mən qardaşlarımla danışa bilmirdim. Ümumilikdə, həmin gün dörd nəfər həbs olunubmuş, gecə saat 12-də buraxıblar". Vəziyyətin qəlizliyini, nəşin İrana keçirilməsinin mümkünsüzlüyünü başa düşən Mirzayi nəşi də götürüb geri qayıdır, övladını Yasamal qəbiristanlığında torpağa tapşırır. Şirvin Mirzayi torpağa tapşırılanda onun ölümündən artıq beş gün keçibmiş. Göründüyü kimi İslam ölkəsi qulbeçələri hətta müqəddəs kitabımız Qurani-Kərimdə yazılanlara da böyük hörmətsizlik göstəriblər. İnanmaq çətin olsa da, ancaq bu da son deyil. Şairin qohumları Bakıya gəlmək istəsə də, onlara yas mərasimində iştirak etmək icazəsi verilməyib. Yalnız yoldaşım, qardaşım və dayısı hüzrə gəlmişdi qayıdanda yenə sorğu-suala tutublar ki, hüzrə kimlər gəlmişdi, yoldaşının vəziyyəti necə idi, nə fikirləşirdi. Şahdust bəyin yoldaşı, yoldaşının qardaşı və dayısı Bakıya gələ, doğmalarının qəbrini ziyarət edə biliblər. Onlar da geri qayıdanda yenə sorğu-sual başlayıb. Mirzayinin həyat yoldaşından yasın necə keçməsi, yasda kimlərin iştirak etməsi, hansı söhbətlərin olması barədə soruşublar. Sorularına cavab alandan sonra isə sərbəst buraxıblar. Qəmli ata isə baş verənləri aydınlaşdırmaq məqsədilə İranın Bakıdakı səfirliyində olur. Maraqlıdır ki, bu dəfə ona İrana getmək üçün heç bir problemin olmadığını söyləyirlər. O isə şübhələnir: "Qayıdandan sonra müraciət etdim, dedilər heç bir problem yoxdur. Gəl sənə kağız verək get. Belə başa düşürəm ki, məni İrana rahat buraxmaqda bunların məqsədi var. Həbsimə şərait yaratmaq üçün belə addım atırlar. Problem yox idisə, əvvəl niyə getməyə icazə vermirdilər? Bəzi mənbələrdən isə dəqiqləşdirə bildim ki, səfirlik İranda bəzi dairələrlə əlaqə saxlayıb, səfirliyin işçilərinə deyiblər ki, problem yaratmayın, istəsə qoyun gəlsin". Şahdust Mirzayi deyir ki, baş verənlərlə bağlı bütün beynəlxalq qurumlara müraciət ünvanlayacaq:
"Hələlik başım qarışıqdır, yası yola verirəm. Ona görə də, hər hansı bir quruma müraciət etməmişəm. Ancaq bir neçə gündən sonra başıma gələnlərlə bağlı əlaqədar orqanlara müraciət etmək niyyətindəyəm. BMT-nin Bakıdakı nümayəndəliyinə də müraciət edəcəyəm. Dünyada bundan böyük cinayət ola bilməz. Axı vəfat etmiş uşağın nə günahı var?"
Ağa Cəfərli